“Qüdrətli əjdaha”lar Azərbaycanda: Pakistan JF 17-lərinin əsas xüsusiyyətləri
Hərbi
20.10.2025 15:35
JF-17 Thuder (FC-1 Xiaolong) - Çin və Pakistanın birgə istehsalı olan yüngül, tək mühərrikli çoxməqsədli döyüş təyyarəsidir.

TodayPress TV məlumat verir ki, layihə həm hava-hava, həm də hava-yer tapşırıqlarını yerinə yetirə bilən, texniki baxımdan sadə və qənaətcil qırıcı kimi hazırlanıb.
Təyyarə əsasən bir oturacaqlıdır, lakin iki oturacaqlı təlim variantı da mövcuddur.
O, rus istehsalı RD-93 tipli turboreaktiv mühərriklə işləyir.
Maksimum sürəti təxminən 1 900 kilometr/saat, uçuş hündürlüyü isə 16 kilometrdən çoxdur. JF-17 yeddi asqı nöqtəsində müxtəlif raket və bombalar daşıya bilir. Əsas silahı gövdənin altında yerləşən 23 millimetrlik topdur.

Təyyarə 2 min kilometrədək məsafəyə uça bilir. Son versiyalarda radar, naviqasiya və özünümüdafiə sistemləri yenilənib. Xüsusilə, JF-17-nin ən yeni Block-III versiyası aktiv fazalı antenli radar və müasir elektron avadanlıqla təchiz olunub.
Layihə həm Çin, həm də Pakistan müəssisələrinin iştirakı ilə reallaşdırılır. Təyyarənin bəzi hissələri Çində, bəziləri isə Pakistanın Kamra şəhərində istehsal olunur. Ümumilikdə 170-dən çox JF-17 istehsal edilib və istehsal davam edir.
Hazırda əsas istifadəçi Pakistan Hərbi Hava Qüvvələridir. Bundan başqa, Myanma və Nigeriya bu təyyarəni alıb. 2024-cü ildə isə JF-17 Block-III versiyasının Azərbaycana satıldığı açıqlanıb.

Adındakı “JF” qısaltması “Birgə Qırıcı” mənasındadır, Çin dilindəki “Xiaolong” isə “Qüdrətli əjdaha” deməkdir. Bu adlar layihənin iki ölkə arasında əməkdaşlıq nəticəsində yaradıldığını simvolizə edir.
JF-17-in mühərriki güclü olsa da, bəzi hallarda tüstü izi buraxdığı üçün Çin tərəfi WS-13 adlı yerli mühərrikin hazırlanması üzərində işləyir. Təyyarənin proqram təminatı açıq arxitekturalıdır və bu, onun sistemlərini tez yeniləməyə imkan verir.
JF-17-in qiyməti digər müasir qırıcılarla müqayisədə xeyli aşağıdır. Bir təyyarənin dəyəri təxminən 15–25 milyon ABŞ dolları civarındadır ki, bu da onu daha çox ölkə üçün əlçatan edir.
Qeyd edək ki, Azərbaycanın Pakistandan aldığı “JF-17 Thunder” qırıcılarının ilk partiyası artıq Bakıya gətirilib
Nicat Osman
tag: JF-17 Thunder Blok 3,Qırıcı,Təyyarə,Hərbi,Todaypress.tv,
