Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxıldı - YENİLƏNDİ
Hadisə
02.07.2025 00:27
Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb.
TodayPress TV xəbər veriri ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Şıxlinski dindirildikdən sonra sərbəst buraxılıb.
Bundan əvvəl Şahin Şıxlinskinin saxlanılaraq şahid qismində ifadə vermək üçün Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparıldığı barədə məlumat yayılıb.
***
23:17
“Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Ş.Şıxlinskinin oğlu vəkil Mutvalı bildirib.
Onun sözlərinə görə, səhər saatlarında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları həm atasını, həm də özünü saxlayıblar. Daha sonra Mutvalı azad edilib, Şahin Şıxlinski isə dindirilmək üçün İstintaq Komitəsinə aparılıb.
M.Şıxlinski qeyd edib ki, saxlanılmanın səbəbi Yekaterinburqda iki azərbaycanlı qardaş - Səfərovların öldürüldüyü xüsusi əməliyyatla bağlıdır.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.
Qardaşların meyitləri ölkəyə gətirildikdən sonra Azərbaycanda aparılan ikinci müayinə onların döyüldüyünü, xüsusən də Ziyəddin Səfərovun aldığı çoxsaylı ağır xəsarətlərdən post-travmatik şok nəticəsində dünyasını dəyişdiyini göstərib.
***
20:53
Azərbaycanın Yekaterinburqdakı diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mütvali Şıxlinskinin saxlanmasının bəzi təfərrüatı məlum olub.
TodayPress TV “Oxu.az”a istinadən xəbər verir ki, Şahin Şıxlinskinin saxlanılması OMON-çuların hücumu zamanı qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının qohumu Akif Səfərovun cinayət işi ilə əlaqədardır.
Belə ki, Akif Səfərov Şahin Şıxlinskinin müavini olub. Məlum hadisədən sonra Şahin Şıxlinski məsələ ilə bağlı aidiyyəti qurumlarla danışıqlara başlayıb və həbs olunan şəxslərin azadlığa buraxılması ilə bağlı ciddi səylər göstərib. Şahin Şıxlinskinin oğlu isə təqsirləndirilən şəxslərin müdafiəsinə qalxıb. O, təqsirləndirilən şəxs Məzahir Səfərovun vəkili olub.
Hadisədən sonra isə Şahin Şıxlinskinin və oğlunun saxlanılmasına qərar verilib.
tag: Yekaterinburqd, Azərbaycan, Şahin Şıxlinski, OMON, todaypress.tv,