Ağır cinayətlərdə ittiham edilən şəxsin məhkəməsi keçirildi
Hadisə
10.06.2025 13:34
Cinayətkar birlik (banda) təşkil edərək bandanın digər üzvləri ilə birgə Bakı şəhərinin müxtəlif ərazilərində bir sıra ağır və xüsusilə ağır cinayət əməlləri törətməkdə təqsirləndirilən və uzun müddətdir axtarışda olan Xalid Tağıyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
TodayPress TV xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Təqsirləndirilən şəxs cinayət işi üzrə özünü qismən təqsirli bilib. Xalid Tağıyev 3 nəfəri qətlə yetirdiyini etiraf edib. O, digər ittihamlarla razılaşmayıb.
Növbəti proses iyulun 8-ə təyin olunub.
Qeyd edək ki, məlumata görə, Azərbaycan Respublikasının 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan olunmuş Xalid Tağıyev barəsində Baş Prokurorluğun İstintaq idarəsində araşdırma aparılıb.
İstintaqla Xalid Tağıyevin 1995-1999-cu illər ərzində cinayətkar birlik (banda) təşkil edərək bandanın digər üzvləri ilə birgə Bakı şəhərinin müxtəlif ərazilərində bir sıra ağır və xüsusilə ağır cinayət əməlləri törətməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Belə ki, onun 1998-ci il sentyabrın 2-də Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən fərdi yaşayış evinə basqın etməsinə, ev sahibi Məmməd Hacıyevi, həmin ilin sentyabr ayının sonunda Sabunçu rayonu, Bilgəh qəsəbəsində Arif Quliyevi, 1999-cu ilin sentyabr ayının 11-də isə Zahid Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Xalid Tağıyevin həmin cinayətkar dəstənin tərkibində oğurluq, quldurluq, nəqliyyat vasitələrini qaçırma, rəsmi sənədləri və möhürləri oğurlama, vəzifəli şəxsin adını özbaşına mənimsəmə, dövlət əmlakını oğurlama, müvafiq icazə olmadan odlu silah və döyüş sursatı əldə etmə, saxlama, gəzdirmə və saxta sənəddən istifadə edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd etmə hallarında da iştirakı ilə bağlı əsaslı şübhələr müəyyən edilib.
01.07.2000-ci il tarixdə Azərbaycan Respublikasının 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək barəsində beynəlxalq axtarış elan edilmiş Xalid Tağıyev cari il fevralın 12-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib, növbəti gün ona rəsmi ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
2025-ci il aprelin 29-da təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikasının 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 70, 94-cü maddəsinin 1, 6, 7, 8-ci bəndləri, eləcə də hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə yeni ittiham irəli sürülüb.
(APA)
tag: Cinayət,Şəxs,Məhkəmə,Cəza,Todaypress.tv,