74 yaşlı qadına qarşı zorakılıq və quldurluq edən şəxs saxlanıldı

Hadisə

05.06.2025 13:02

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən bağlı qalmış cinayətlərin açılması istiqamətində birgə icra olunan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir ağır cinayətin üstü açılıb.

TodayPress TV xəbər verir ki, belə ki, mayın 24-də Gədəbəy rayonu, Kəlaman kənd sakini, 1951-ci il təvəllüdlü qadının zorakılığa məruz qalması və ona qarşı quldurluq edilməsi faktı üzrə Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

İbtidai istintaq zamanı hadisə yerinə ilkin və əlavə baxışlar keçirilib, zərərçəkmiş şəxs və çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-genetik, kompleks məhkəmə-daktiloskopik və məhkəmə-genetik ekspertizalar təyin olunub, sorğular verilib və digər zəruri istintaq və əməliyyat-axtarış hərəkətləri icra olunub.

Mayın 30-da, gecə saat 01 radələrində zərərçəkmiş şəxs müalicə aldığı xəstəxanada vəfat edib və iş üzrə komisyon məhkəmə-tibbi ekspertiza təyin olunub.

Prokurorluq və polis əməkdaşları tərəfindən cinayət əməlini törədən şəxsin müəyyən olunması istiqamətində aparılan intensiv və çoxsaylı tədbirlər nəticəsində, iyunun 4-də 1993-cü il təvəllüdlü Nizaməddin Bayramov şübhəli şəxs qismində tutulub və vəkilinin iştirakı ilə dindirmə zamanı törətdiyi əməli etiraf edib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Bağlı qalmış cinayətlərin açılması Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin daim diqqətində saxlanılır və bu istiqamətdə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

tag: Baş Prokurorluq,Qadın,Zorakılıq,Quldurluq,Todaypress.tv,