“Xaricdə Təhsil üzrə Dövlət Proqramı”: Perspektivlər və prioritetlər

Elm və Təhsil

29.07.2025 16:15

Azərbaycanın 2022–2028-ci illəri əhatə edən “Xaricdə Təhsil üzrə Dövlət Proqramı” çərçivəsində bu il daha 144 Azərbaycan vətəndaşı dünyanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunub. 

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, bu proqram yalnız elmi biliklərin deyil, həm də gənclərin fərdi inkişafı və peşə bacarıqlarının formalaşması baxımından mühüm imkanlar yaradır.

Onun sözlərinə görə, bu il qəbul olunan tələbələrin təhsil alacaqları universitetlər sırasında ABŞ-nin "Stanford" və "Syracuse", Böyük Britaniyanın "Cambridge" Universitetləri, Cənubi Koreyanın məşhur "Seoul National University", eləcə də İstanbul Texniki Universiteti və digər nüfuzlu ali məktəblər yer alır. Ümumilikdə isə qəbul olunanlar əsasən ABŞ, Böyük Britaniya, Sinqapur, Cənubi Koreya, Türkiyə və İsveç kimi qabaqcıl ölkələrdə təhsil alacaqlar.

“Əvvəlki proqram dövrlərində bəzi problemlər mövcud idi. Xaricdə təhsil alan gənclərin əksəriyyəti ölkəyə geri dönmürdülər. Lakin yeni proqram bu məsələdə daha məqsədyönlüdür. İndi tələbələrlə təhsildən öncə müqavilə bağlanır və bu müqaviləyə əsasən onlar təhsillərini başa vurduqdan sonra ölkəyə qayıdaraq dövlət sektorunda və ya prioritet sahələrdə fəaliyyət göstərməlidirlər. Bu, həm dövlətin, həm də xalqın maraqlarına xidmət edir”.

Ekspert vurğulayıb ki, proqram çərçivəsində xaricdə təhsil almaq istəyənlər üçün ciddi tələblər müəyyən edilib. Namizədlərin yalnız dünyada ilk 500-lüyə, mümkün olduqda isə ilk 100-lüyə daxil olan universitetlərə müraciət etməsi tövsiyə olunandır.

Elçin Əfəndi çağırış edərək bildirib ki, bu təhsil dövlət büdcəsi hesabına, yəni xalqın vergiləri ilə maliyyələşdiyi üçün gənclər məsuliyyətli olmalı, təhsillərinə ciddi yanaşmalı və Vətənə xidmət etməyə hazır olmalıdırlar. 

Qeyd edək ki, müsabiqənin nəticələrinə əsasən, 125 namizəd bakalavriat səviyyəsi üzrə, 19 namizəd isə doktorantura səviyyəsi üzrə olmaqla, müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq ümumilikdə 144 nəfər dövlət proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb. 

Türkan İsgəndərli

tag: Elçin Əfəndi,Ekspert,Xaricdə təhsil,Proqram,Todaypress.tv,

photo