Tətilin dərs yükü: Mütəxəssis problemi izah edir…

Elm və Təhsil

25.06.2025 16:06

Tətillərdə müəllimlər şagirdlərə ev tapşırıqları verirlər. Lakin bu tapşırıqlar bəzən o qədər çox olur ki, uşaqlar istirahət əvəzinə dərslərlə məşğul olurlar. 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, tətillər əsasən uşaqlar üçün istirahət və əyləncə vaxtı kimi qəbul edilir. Bu səbəbdən də, onlara həddindən artıq tapşırıq verilməsi düzgün deyil:

"Tədris prosesi şagirdlərin yaş xüsusiyyətləri və ehtiyacları nəzərə alınaraq tarazlı şəkildə təşkil edilməlidir. Sinif səviyyəsinə uyğun olaraq müəyyən tapşırıqlar verilə bilər, lakin onların miqdarı və çətinlik dərəcəsi düzgün tənzimlənməlidir. Məsələn, 9 və 11-ci siniflər üçün əlavə məşğələlər başadüşüləndirsə, aşağı sinif şagirdlərinə çoxlu tapşırıq vermək doğru deyil".

Ekspert əlavə edib ki, uşaqları daim tapşırıqlarla yükləmək onların dərsə marağını azalda bilər.

"Tətillərdə uşaqlara bir qədər azadlıq verilməli, onların psixoloji rahatlığı təmin olunmalıdır. Bu, həm onların dərsə olan marağını artırar, həm də ümumi inkişaflarına müsbət təsir göstərər. Tapşırıqlar sinif səviyyəsinə və şagirdlərin fərdi xüsusiyyətlərinə uyğun şəkildə seçilməlidir. Müəllimlər və valideynlər bu məsələdə daha diqqətli və anlayışlı yanaşmalıdırlar", deyə Rizvan Fikrətoğlu fikrini tamamlayıb.

Qeyd edək ki, 14 iyundan etibarən məktəblərdə yay tətili elan olunub.

Türkan İsgəndərli

tag: Rizvan Fikrətoğlu,Ekspert,Tətil,Dərs,Todaypress.tv,

photo