Repetitorluq ləğv edilə bilər?

Elm və Təhsil

10.09.2025 15:43

Baxmayaraq ki, yeni tədris ili sentyabrın 15-də başlayacaq, artıq məktəblilər müəllim yanına hazırlığa getməyə başlayıblar.

Valideynlər bu vəziyyətdən narazılıq edir, repetitorluğun ləğvini və məktəblərdə keyfiyyətli dərs keçilməsini tələb edirlər.

Maraqlıdır, repetitorluq ləğv edilə bilər?

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən təhsil eksperti Adil Vəliyev bildirib ki, valideynlər məcburiyyət qarşısında övladlarını repetitor və ya kurslara göndərirlər:

"İllərdir ki, repetitorluğun ləğvi ilə bağlı fikirlər səslənir. Amma dünyanın bir çox ölkəsində bu fəaliyyət var. Azərbaycanda isə vəziyyət fərqlidir. Məktəblərdə dərslər istənilən səviyyədə keçirilmədiyi üçün valideynlər övladlarını hazırlığa göndərməyə məcbur olurlar. İnkişaf etmiş ölkələrdə isə məktəbdə dərslər tam şəkildə keçirilir, tapşırıqlar izah olunur və şagirdlərə əlavə dəstək göstərilir. Əlavə hazırlıq yalnız daha yüksək nəticə istəyənlər üçün lazım olur".

Ekspertin sözlərinə görə, repetitorluğun birdən-birə ləğvi abituriyentlərin nəticələrinə mənfi təsir göstərə bilər:

"Hazırda repetitorluğun və ya kurs fəaliyyətinin tam dayandırılması düzgün deyil. Belə olarsa, abituriyentlərin nəticələri xeyli aşağı düşəcək. Bu, universitetlərə qəbul prosesində də özünü göstərəcək".

Adil Vəliyev çıxış yolu kimi məktəblərdə tədrisin yeni proqramlarla təşkil edilməsini təklif edib:

"Bəzi özəl məktəblər, gimnaziya və liseylərdə dərslər proqram əsasında keçirilir, müəllim şagirdə tapşırığı izah edir. Şagird evə qayıtdıqda həm istirahət edə bilir, həm də daha yaxşı nəticə göstərir. Bu model dövlət məktəblərində də tətbiq olunarsa, repetitorluğa olan ehtiyac xeyli azalacaq", - deyə o, fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Adil Vəliyev,Ekspert,Repititor,Ləğv,Todaypress.tv,

photo