Ramin Nurəliyev: “Əgər kurikulum tam tətbiq olunsa, valideynlərin köməyinə ehtiyac qalmaz”
Elm və Təhsil
10.10.2025 17:22
Son vaxtlar bir çox valideynlər ibtidai sinif şagirdlərinin dərslərində və tapşırıqlarında çətinlik yaşadıqlarını bildirirlər.
Onların sözlərinə görə, uşaq 5-6-cı siniflərdə keçməli olduğu mövzuları erkən yaşda öyrənir.
Məsələyə aydınlıq gətirən təhsil eksperti Ramin Nurəliyev TodayPress TV-yə açıqlamasında bildirib ki, ibtidai siniflərdə keçirilən dərslər tam şəkildə Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi tədris proqramına əsasən həyata keçirilir.
O vurğulayıb ki, ibtidai sinif müəllimləri Nazirliyin göndərdiyi tədris planına uyğun şəkildə dərsləri keçir və burada hər hansı proqramdan kənarlaşma baş vermir:
"Bəli, bəzən valideynlər övladlarının bəzi tapşırıqlarını və məsələlərini həll edərkən çətinlik çəkirlər. Bunun əsas səbəbi ondan ibarətdir ki, hazırda ibtidai siniflərdə tədris prosesi kurikulum sistemi əsasında həyata keçirilir. Valideynlərin böyük əksəriyyəti isə bu sistemi görməyib, əvvəlki tədris metoduna uyğun təhsil alıblar. Buna görə də kurikulum sistemi onlara bir qədər mürəkkəb görünür".
Təhsil eksperti əlavə edib ki, kurikulum sistemində tapşırıqlar daha çox uşağın məntiqi təfəkkürünü, analiz və dərketmə bacarığını inkişaf etdirməyə yönəlib. Bu isə bəzi valideynlər üçün çətin görünə bilər:
"Əslində, kurikulum çox mükəmməl bir sistemdir. Bu sistem tam şəkildə tətbiq olunsa, valideynlərin uşaqlara ev tapşırıqlarında kömək etməsinə ehtiyac qalmaz. Çünki sistem şagirdin bütün tapşırıqları müəllimlə birlikdə sinifdə yerinə yetirməsini nəzərdə tutur".
Mütəxəssis hesab edir ki, bəzi müəllimlərdə kurikulumun tətbiqi ilə bağlı problemlər var və bu da valideynlərdə yanlış təsəvvür yaradır:
"Əgər müəllim dərsi tam kurikulum prinsiplərinə uyğun keçirirsə, nə şagird, nə də valideyn çətinliklə üzləşmir. Ancaq bəzi hallarda müəllimlər sistemi tam mənimsəmədiyi üçün valideynlər tapşırıqları çətin hesab edirlər. Halbuki suallar və məsələlər proqram çərçivəsində, ancaq uşağın təfəkkürünü inkişaf etdirməyə yönəlmiş formada tərtib olunur".
Ramin Nurəliyev qeyd edib ki, ideal halda müəllim tapşırıqları sinifdə şagirdlərlə birgə həll etməli, ev tapşırıqlarını isə daha çox uşağın məntiqini və müşahidə qabiliyyətini inkişaf etdirəcək sosial həyatdan götürülmüş nümunələr şəklində verməlidir:
"Əgər müəllim dərsi bu prinsiplə qurarsa, həm uşağın təfəkkürü güclənər, həm də valideynlərdə narazılıq yaranmaz", - deyə o vurğulayıb.
Türkan İsgəndərli
tag: Ramin Nurəliyev,Ekspert,Kurikulum,Tətbiq,Todaypress.tv,
