Məktəblərdə idman dərsləri niyə keçirilmir?
Elm və Təhsil
03.10.2025 18:15
Təhsil sahəsində son vaxtlar müzakirəsi gedən məsələlərdən biri də məktəblərdə idman dərslərinin keçirilməməsidir.
Ümumi götürsək, şagirdlər də, valideynlər də bu fənnə ciddi yanaşmırlar.
Təhsil naziri Emin Əmrullayev isə yaxın günlərdə bu mövzuya toxunaraq fənnin vacibliyini vurğulayıb.
Lakin reallıqda mənzərə fərqlidir. Bir çox məktəblərdə ya idman dərsləri formal xarakter daşıyır, ya da heç keçirilmədiyi deyilir.
“Dərslər standart, monoton şəkildə aparılır”
Təhsil eksperti Rizvan Fikrətoğlu TodayPress TV-yə açıqlamasında bildirib ki, problem təkcə müəllim və ya məktəb tərəfdən deyil, həm də uşaqların maraq göstərməməsindən qaynaqlanır:
"Uşaqların idman dərslərinə maraqsız olmasının bir neçə səbəbi var. Əvvəla, bir çox məktəbdə idman dərsləri düzgün təşkil edilmir. İkincisi, fənn maraqlı formada tədris olunmursa, uşaqlar da təbii olaraq həvəs göstərmirlər. Yəni dərslər standart, monoton şəkildə aparılır, bu isə şagirdlərdə maraq oyatmır".
“Fənnin tədrisi müasir yanaşmalarla aparılmalıdır”
Ekspert hesab edir ki, problemin həlli üçün məktəblərdə idman infrastrukturunun gücləndirilməsi, müəllimlərin daha interaktiv üsullardan istifadə etməsi vacibdir:
"İdman dərsləri uşaqların sağlamlığı, sosiallaşması və intizamı üçün çox önəmlidir. Buna görə də məktəblərdə həm şərait yaxşılaşdırılmalı, həm də fənnin tədrisi müasir yanaşmalarla aparılmalıdır. Əks halda, uşaqlar bu fənni ikinci dərəcəli hesab edəcəklər. Nəzərə almaq lazımdır ki, həmin fənn uşaqlara idman sahəsində irəliləməyə yardımçı ola bilər".
Rizvan Fikrətoğlunun sözlərinə görə, bu məsələdə həm məktəblərin, həm valideynlərin, həm də cəmiyyətin məsuliyyəti var.
"Uşaqlara idmanı sevdirmək üçün evdə də təşviq olunmalıdır, məktəbdə də düzgün şəkildə öyrədilməlidir. Yalnız bu halda nəticə əldə etmək olar", - deyə o qeyd edib.
Türkan İsgəndərli
tag: Rizvan Fikrətoğlu,Ekspert,Elm,Təhsil,Todaypress.tv,
