Məktəbdə təhlükəsizlik siqnalı: Şagirdlər niyə silah daşıyır?
Elm və Təhsil
14.10.2025 17:46
Bir çox məktəbdə şagirdlərin üzərində müxtəlif soyuq silahlar daşıması və ən kiçik münaqişədə onlardan istifadə etməsi müşahidə olunur.
Buna səbəb isə məktəblərdə güclü nəzarətin olmamasıdır.
Təhsil eksperti Elçin Süleymanovun TodayPress TV-yə verdiyi açıqlamaya görə, bu problemlə mübarizədə qapıdan detektor yoxlamaları deyil, daha geniş və praktik nəzarət tədbirlərinə ehtiyac var.
O bildirib ki, detektor və keçid yoxlamaları müəyyən məktəblərdə mümkün olsa da, ümumi təcrübədə və xüsusilə çox şagird olan məktəblərdə tətbiqi çətin və səmərəsiz ola bilər:
"Amerika kimi texnoloji gücə malik ölkələrdə belə orta məktəblərin bəzilərində cinayət və terror hadisələri qeydə alınır. Azərbaycanda universitetlərdə, bəzi məktəblərdə yoxlama sistemi tətbiq olunur, amma 3-4 min şagird olan məktəblərdə bunu reallaşdırmaq çətindir".
Ekspertin fikrincə, bu cür halların qarşısını almaq üçün əsas diqqət şagirdlərin davranışlarının müşahidəsinə və məktəbdaxili nəzarət sisteminə yönəlməlidir:
"Siniflərdə şagirdlərin aqressiyası və davranışı izlənilməlidir. Məktəblərdə ümumi nəzarət sistemi, kamera nəzarəti olmalıdır. "Məktəblinin dostu" layihəsi bu sahədə müəyyən qədər qayda-qanunun qorunmasına kömək edir. Şagirdlər tənəffüsdə və digər ictimai yerlərdə nəzarətsiz buraxılmamalıdır. Əgər kimdəsə aqressiya hiss edilərsə, dərhal müdaxilə olunmalıdır".
Elçin Süleymanov əlavə edib ki, müəllimlər yalnız pedaqoqlar deyil, həm də şagirdlərin sosial-emosional vəziyyətini izləyən şəxslərdir:
"Hər bir müəllim eyni zamanda psixoloqdur. O, şagirdlərin aqressiya meylini, davranış pozulmalarının səbəblərini müəyyən edib valideynlərlə müzakirə etməlidir. Məktəblərdə növbətçilik sistemi tətbiq olunmalı, baş verə biləcək insidentlərə dərhal müdaxilə edilməlidir. Bunun üçün kameralar və elektron nəzarət vasitələrindən istifadə vacibdir. Şagirdlər bilməlidirlər ki, qaydalara zidd hərəkətlər gizli qalmayacaq", - deyə o qeyd edib.
Türkan İsgəndərli
tag: Elçin Süleymanov,Təhsil eksperti,Məktəb,Təhlükəsizlik siqnalı,Todaypress.tv,
