"Bu, məktəblərdə pul yığanların qarşısını alacaq" - Təhsil eksperti açıqladı

Elm və Təhsil

23.09.2025 15:29

"Məktəblərdə valideynlərdən fond pulu, təmir pulu, kağız pulu və digər xərclər üçün vəsait toplanması uzun illərdir davam edir. Halbuki, “Təhsil haqqında” Qanunun 29-cu maddəsinə əsasən, dövlət ümumi təhsil müəssisələri dövlət büdcəsindən maliyyələşir və şagirdlərdən təhsil xərclərinin ödənilməsi tələb edilə bilməz". 

Bu fikirləri TodayPress TV-yə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, belə hallar qanunvericiliyin pozulması ilə yanaşı, maliyyələşmədə boşluqların, idarəetmədə şəffaflıq problemlərinin və ictimai nəzarətin zəifliyinin göstəricisidir: 

"Statistika göstərir ki, Azərbaycanın dövlət büdcəsinin təqribən 11-12 faizi hər il təhsilə yönəldilir, bu da ÜDM-in 3,5-4 faizi civarındadır.

Beynəlxalq müqayisədə bu göstərici aşağıdır. Məsələn, Finlandiyada təhsilə ÜDM-in 6 faizi, Estoniyada isə 5,5 faizi ayrılır. Bu fərq dövlət məktəblərində təmir, təminat və infrastruktur məsələlərində əlavə vəsait ehtiyacını artırır. Çatışmazlıq yarananda məktəb rəhbərliyi məsələni valideynlərə ötürür və nəticədə qeyri-rəsmi "fond pulu" mexanizmi möhkəmlənir".

Ekspert əlavə edib ki, bu praktikanın mənfi tərəfi sosial ədalətsizliyə gətirib çıxarmasıdır:

"Bəzi valideynlər ödənişi edə bilir, digərləri isə sosial vəziyyətinə görə çətinlik çəkirlər. Bu isə uşaqlar arasında fərqlər yaradır, məktəbə etimadı azaldır, müəllim və rəhbərliyi təzyiq altında qoyur. Əslində dövlətin yaratdığı pulsuz təhsil prinsipi pozulur və təhsilin bərabərlik funksiyası zəifləyir".

Mütəxəssis bildirib ki, Almaniyada məktəblərin bütün təmiri və təminatı bələdiyyələrin büdcəsindən qarşılanır, valideynlərdən yalnız könüllü ianələr ola bilər və o da şəffaf hesabatla müşayiət olunur. Skandinaviya ölkələrində məktəb ləvazimatları belə dövlət tərəfindən təmin edilir, Türkiyədə isə bütün xərclər Milli Təhsil Nazirliyi və bələdiyyələrin büdcəsindən ödənilir: 

"Azərbaycanda da dövlət məktəblərinin maliyyələşməsi elə təşkil olunmalıdır ki, rəhbərlik valideynlərdən pul toplamağa məcbur qalmasın. Təmir və təminat xərcləri büdcədə ayrıca maddələrlə planlaşdırılmalı, məktəblərə ayrılan vəsaitlərin istifadəsi isə ictimai nəzarətlə şəffaf izlənməlidir. Könüllü valideyn dəstəyi isə yalnız leqal əsaslarla, bank hesabları üzərindən və illik hesabatla həyata keçirilməlidir".

Kamran Əsədovun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin son illərdə başladığı “məktəblərin tam publik hüquqi şəxsə keçirilməsi” təşəbbüsü bu problemin həllinə yönəlib. Onun fikrincə, əgər bu siyasət ardıcıl həyata keçirilərsə, yaxın illərdə məktəblərdə qeyri-rəsmi pul yığımı praktikasının aradan qalxması mümkündür. Çünki bu, sadəcə etik və idarəetmə deyil, həm də maliyyə planlaması və ictimai nəzarət məsələsidir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Kamran Əsədov,Ekspert,Məktəb,Pul yığmaq,Todaypress.tv,

photo