Azərbaycan dilinə “ögey” münasibət: “Rus “sektor”undakılar bu dili bilməyə məcburdurlar!”
Elm və Təhsil
06.08.2025 16:47
"Rus bölməsi şagirdləri əksər fənləri bu dildə keçsələr də, bəzi fənlərin Azərbaycan dilində tədrisi vacibdir".
Təhsil eksperti Ramin Nurəliyev bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, xüsusilə “Azərbaycan tarixi” fənni öz dilimizdə tədris olunmalıdır:
"Buradakı tarix Azərbaycan tarixidir, ona görə də bu fənnin Azərbaycan dilində keçirilməsi zəruridir. Bu qərar təkcə rus bölməsinə deyil, ümumilikdə tədris dili Azərbaycan dilindən fərqli olan bütün məktəblərə şamil olunmalıdır. Çünki həmin şagirdlər Azərbaycan dilini bilməlidirlər".
Ekspert qeyd edib ki, hər il keçirilən qəbul imtahanlarında rus bölməsi abituriyentlərinin əksəriyyəti Azərbaycan dili fənnindən uğur qazana bilmirlər:
"Onların 50 faizi Azərbaycan dili üzrə imtahanın yarısını belə keçə bilmir. Bu isə onların ali təhsil müəssisələrinə qəbul imkanlarını azaldır. Gələcək karyera baxımından da rus bölməsi şagirdlərinin Azərbaycan dilini bilməsi vacibdir. Çünki onların böyük əksəriyyəti gələcəkdə ölkə daxilində dövlət qurumlarında və ya özəl sektorda fəaliyyət göstərəcək. Bu sahələrdə isə Azərbaycan dilində sərbəst danışmaq məcburidir. Müqavilələr, qanunvericilik sənədləri, rəsmi yazışmalar əsasən Azərbaycan dilində aparılır".
R.Nurəliyevin fikrincə, rus bölməsi şagirdlərinin Azərbaycan dilinə münasibəti dəyişməli və bu dilə olan maraq artırılmalıdır:
"Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyasının doğma dildə tədrisi milli dövlətçiliyimizin və dilimizin inkişafına xidmət edir. Bu baxımdan bəzi fənlərin Azərbaycan dilində tədrisini müsbət və vacib bir addım kimi qiymətləndirirəm", - deyə o fikrini tamamlayıb.
Türkan İsgəndərli
tag: Ramin Nurəliyev,Ekspert,Rus sektor,Azərbaycan dili,Todaypress.tv,
