Zəlzələlərin gücünü artıran mexanizm aşkar edildi
Dünya
01.10.2025 13:30
Ostindəki Texas Universitetinin alimləri dərin zəlzələlərin yalnız süxurların susuzlaşması nəticəsində deyil, həm də "termal qaçaq" adlanan proseslə güclənə biləcəyini kəşf ediblər.
TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri "Nature Communications" (NatCom) jurnalında dərc olunub.
Tədqiqatın əsasını 2024-cü ilin iyulunda Çilinin şimalındakı Kalama şəhəri yaxınlığında baş vermiş 7,4 bal gücündə zəlzələ təşkil edib. Zəlzələnin episentri təxminən 125 kilometr dərinlikdə – aralıq dərinlik zonasında yerləşib. Belə dərin zəlzələlər adətən səthdə zəif hiss olunur, lakin bu hadisədə təkanların gücü gözlənilmədən yüksək olub.
Əvvəllər belə hesab olunurdu ki, bu tip zəlzələlər əsasən okean dibi süxurlarının susuzlaşması nəticəsində baş verir. Bu zaman minerallar su itirdikdə süxurlar zəifləyir və kövrəkləşir. Lakin bu proses yalnız 650°C-dək temperaturda mümkün olur. Kalama zəlzələsinin seysmik təhlili göstərib ki, təkanlar bu temperatur həddini aşan daha isti zonalara da yayılıb.
Alimlər belə qənaətə gəliblər ki, zəlzələnin bu cür genişlənməsi termal qaçaqla əlaqəlidir. Bu prosesdə süxurların hərəkəti zamanı yaranan sürtünmə güclü istilik əmələ gətirir, bu isə ətrafdakı süxurları daha da zəiflədir. Nəticədə qırılma prosesi sürətlənir və daha geniş əraziyə yayılır.
Bu kəşf dərin zəlzələlərin necə formalaşdığını və nə üçün bəzən səthdə gözlənilmədən güclü hiss edildiyini anlamaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Türkan İsgəndərli
tag: Texas,Zəlzələ,Süxur,Kəşf,Todaypress.tv,
