Yer üzündə tapılmış ən böyük Mars daşı hərraca çıxarıldı

Dünya

14.07.2025 19:30

ABŞ-nin məşhur "Sotheby’s auksion" evi 25 kiloqramlıq Mars mənşəli meteorit parçasını hərraca çıxarıb.

TodayPress TV xəbər verir ki, "Associated Press"in məlumatına görə, "NWA 16788" adlı daşın qiyməti 2–4 milyon dollar arasında dəyərləndirilir.

Hərrac çərşənbə günü Nyu-Yorkda keçiriləcək və “Təbii tarix” mövzusuna həsr olunacaq.

"Sotheby’s"in məlumatına görə, bu daş indiyədək Yer üzündə tapılmış Mars mənşəli ən böyük meteorit parçasıdır. Qırmızı, qəhvəyi və boz rəngli bu daşın ölçüləri 375 × 279 × 152 millimetrdir və Yerə çatmamışdan əvvəl təxminən 225 milyon kilometr məsafə qət edib. Onun Mars səthindən asteroid zərbəsi nəticəsində qopduğu ehtimal olunur.

Meteorit 2023-cü ilin noyabrında Niger ərazisində meteorit ovçusu tərəfindən aşkar olunub. Hərrac evinin məlumatına görə, bu daş Yer üzündəki bütün Mars mənşəli materialın 7 faizini təşkil edir və ölçüsünə görə ikinci ən böyük Mars daşından 70% daha böyüktür.

Qeyd olunur ki, Yer üzündə tapılmış 77 000-dən çox rəsmi meteoritin yalnız 400-ü Mars mənşəlidir.

Qiymət Mahir

tag: ABŞ,Niger ,Sotheby’s auksion,Mars ,Todaypress.tv,