Yer kürəsi daha sürətli fırlandı: 5 avqust ən qısa günlərdən biri oldu

Dünya

05.08.2025 19:00

Alimlərin hesablamalarına görə, 5 avqust 2025-ci ildə bir günün standart uzunluğu olan 86 min 400 saniyədən 1,25 millisaniyə daha qısa olub.

TodayPress TV xəbər verir ki, bu barədə “Space.com” nəşri məlumat yayıb.

Bildirilir ki, elm adamları bu saniyə fərqinin səbəbini hələ də müəyyənləşdirə bilməyiblər. Buna baxmayaraq, 5 avqustun həm 2025-ci ildə, həm də 1973-cü ildən bu günə qədər qeydə alınan ən qısa günlərdən biri olduğu qeyd edilir.

Bu il daha əvvəl də oxşar hallar yaşanıb. Belə ki, 9 iyulda bir gün 1,23 millisaniyə, 22 iyulda isə 1,36 millisaniyə daha qısa olmuşdu.

Alimlər bildirirlər ki, bu cür fərqlər insanların gündəlik həyatında hiss olunmasa da, Yer kürəsinin fırlanma sürətindəki artım davam edərsə, 2029-cu ildən sonra bu fərq 1 saniyəni və daha çoxunu keçə bilər.

Qeyd edək ki, indiyə qədər qeydə alınmış ən qısa gün 2024-cü ilin 5 iyul tarixində baş verib – həmin gün normal gün uzunluğundan 1,66 millisaniyə daha qısa olub.

Qiymət Mahir

tag: Yer,Elm,Dünya,Gün,todaypress.tv,