Yeni papa gündə 100 kiloqrama qədər məktub alır

Dünya

16.07.2025 17:52

May ayında seçilən Katolik kilsəsinin yeni rəhbəri – Papa XIV Leo qısa müddətdə katolik cəmiyyətində böyük populyarlıq qazanıb.

TodayPress TV xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.

Vatikana hər gün ona ünvanlanan məktubların çəkisi bəzən 100 kiloqrama çatır. Həftəlik orta göstərici isə 500–550 kiloqram arasında dəyişir.

Bu məktublar Roma yaxınlığında, Fiumicino hava limanı yaxınlığındakı anqar tipli poçt çeşidləmə mərkəzində emal edilir. Mərkəzin rəhbəri Antonello Çidikiomo bildirib ki, məktubların əksəriyyəti ona dəstək ifadə edir, bəzilərində isə dua etməsi xahiş olunur.

“Çoxlu sayda məktub uşaqlardan gəlir. Rəqəmsal dövrdə belə insanların qələmi əllərinə alması sevindiricidir”, - deyə o, "AFP" xəbər agentliyinə açıqlamasında bildirib.

Poçtlar dünyanın müxtəlif yerlərindən – Andorra, Braziliya, Kamerun, Honq Konq və ABŞ-dən daxil olur. Onların bir hissəsi hələ də əl ilə çeşidlənir.

Vatikanda ziyarətçilər papa üçün məktublarını birbaşa poçt ofisinə də təqdim edə bilirlər. Gün ərzində bu ofisdən məktublar dörd dəfə toplanır. Məktublar təhlükəsizlik yoxlamasından keçdikdən sonra papa və onun komandası tərəfindən nəzərdən keçirilir. Əlaqə məlumatı təqdim edənlər bəzən şəxsən papadan cavab alırlar.

Qeyd edək ki, XIV Leonun sələfi Papa Fransisk bəzi məktublara özü şəxsən cavab yazırdı. Onun köməkçiləri həmin cavabları skan edərək elektron poçt vasitəsilə göndərirdilər.

Töhfə Səməd

tag: Katolik kilsəsi,Papa XIV Leo,Məktub,Todaypress.tv,