Yaxın Şərq gərginliyi Türkiyə bazarlarını silkələdi: Lirə dəyər itirdi

Dünya

13.06.2025 19:00

İsrailin Tehrana aviazərbələrindən sonra artan Yaxın Şərq gərginliyi Türkiyə maliyyə bazarlarında kəskin dalğalanmalara səbəb olub. İnvestorların riskdən qaçması nəticəsində səhmlər, valyuta və əmtəə bazarlarında eniş qeydə alınıb.

TodayPress TV xəbər verir ki, İstanbul Birjasının əsas göstəricisi olan BIST-100 indeksi sessiyanın əvvəlində 3,71% azalaraq 9 166 bəndə düşüb, daha sonra isə 9 065 bəndə qədər geriləyib. Xüsusilə nəqliyyat və rabitə sektoru səhmləri satış təzyiqindən daha çox zərər görüb.

1 qram qızılın qiyməti 4 373 lirəyə (təxminən 110,9 ABŞ dolları) yüksəlib. Əvvəlki gün bu göstərici 4 283 lirə idi. Analitik İslam Memiş “X” platformasında bildirib ki, belə geosiyasi böhranlar zamanı qızıl əvvəlcə sürətlə bahalaşır, sonra azca korreksiya ilə yola davam edir. O, bu yüksəlişin İran-İsrail gərginliyi azalana qədər davam edəcəyini qeyd edib.

ABŞ dolları 39,77 lirəyə qədər yüksəldikdən sonra günorta saatlarında 39,42 səviyyəsində ticarət olunub. Cümə axşamı bu rəqəm 39,35 idi.

İnvestorlar hazırda bölgədəki qeyri-müəyyənliyin Türkiyənin inflyasiya görünüşünə, xarici balanslarına və ümumi risk iştahına mənfi təsir etməsindən ehtiyat edirlər.

Qiymət Mahir

tag: Türkiyə,İqtisadiyyat,Yaxın Şərq,Gərginlik,Todaypress.tv,