Vaşinqton Amerika dronlarının “dominantlığı” barədə bəyanat verəcək
Dünya
05.08.2025 09:54
ABŞ administrasiyası 5 avqust tarixində pilotsuz uçuş aparatlarının inkişafı ilə bağlı mühüm bəyanat yayacaq. Rəsmi Vaşinqton bu sahədə “Amerika dominantlığı”na keçid etdiyini elan etməyə hazırlaşır.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi “X” sosial şəbəkəsində açıqlama verib.
“Biz Amerika dronlarının dominantlığına keçirik… sabah bu barədə vacib açıqlama olacaq”.
Məsələ Ukrayna ilə əməkdaşlıq fonunda gündəmə gəlib. İyulun sonunda Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp milyardlarla dollarlıq Ukrayna dronlarının satışına dair razılığa gəliblər. Bu müqavilənin yaxın aylarda reallaşacağı gözlənilir.
Ukraynanın Baş naziri Yuliya Sviridenko isə iyulun 18-də bəyan etmişdi ki, ABŞ Ukrayna istehsalı olan pilotsuz aparatların böyük partiyasının alınmasını nəzərdən keçirir. Onun sözlərinə görə, iki ölkə arasında aparılan danışıqlar birgə istehsalın təşkili məsələlərini də əhatə edir.
Qiymət Mahir
tag: Vaşinqton ,Ukrayna,Volodimir Zelenski ,ABŞ ,Donald Tramp,Todaypress.tv,