Ukrayna əsirlərin mübadiləsi və meyitlərin qəbulunu qeyri-müəyyən müddətə təxirə saldı

Dünya

07.06.2025 14:58

Rusiya prezidentinin köməkçisi, nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Ukrayna tərəfi hərbi əsirlərin mübadiləsini və meyitlərin qəbulunu gözlənilmədən qeyri-müəyyən müddətə təxirə salıb.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Medinski xatırladıb ki, Rusiya tərəfi İstanbul razılaşmalarına tam uyğun şəkildə iyunun 6-da Ukrayna Silahlı Qüvvələrinin həlak olmuş 6 mindən artıq hərbçisinin meyitlərinin təhvil verilməsi, həmçinin yaralı, ağır xəstə və 25 yaşdan aşağı hərbi əsirlərin mübadiləsi ilə bağlı humanitar aksiyaya başlayıb.

"İlk mərhələdə 1 212 ukraynalı əsgərin dondurulmuş meyiti soyuducu konteynerlərlə mübadilə nöqtəsinə gətirilib, digərləri isə yoldadır. Bundan əlavə, Ukraynaya 640 nəfərlik ilkin əsir siyahısı təqdim olunub. Siyahıya yaralılar, ağır xəstələr və gənclər daxildir", - deyə Medinski əlavə edib.

Buna baxmayaraq, onun sözlərinə görə, Ukrayna tərəfi həm meyitlərin qəbulunu, həm də hərbi əsirlərin dəyişdirilməsini qeyri-müəyyən vaxta qədər təxirə salıb.

"Rusiya Müdafiə Nazirliyinin əlaqələndirici qrupu Ukrayna sərhədində gözləyir", - deyə o əlavə edib.

Töhfə Səməd

tag: Rusiya ,Vladimir Medinski,Ukrayna ,Girov,Əsir,todaypress.tv,