"Turkish Airlines" Moskvaya uçuşlarını ləğv etdi
"Turkish Airlines" aviaşirkəti Moskva istiqamətində bir neçə reysini ləğv edib.
TodayPress TV xəbər verir ki, Bu barədə Rusiya Turizm Operatorları Assosiasiyası (ATOR) məlumat yayıb.
Ləğvlərə səbəb kimi 26 may gecəsi Mərkəzi Rusiyada yerləşən hava limanlarında tətbiq olunan uçuş və eniş məhdudiyyətləri göstərilib.
"26 may gecəsi Mərkəzi Rusiyanın hava limanlarında yenidən təyyarələrin eniş və qalxışına məhdudiyyətlər tətbiq olunub. Bu da Domodedovo, Vnukovo və Jukovski hava limanlarının cədvəllərində dəyişikliklərə səbəb olub. 60%-ə qədər reys ya gecikib, ya da tamamilə ləğv edilib. Nəticədə "Turkish Airlines" şirkətinin reyslərinə də təsir göstərilib" deyə açıqlamada bildirilib.
Turizm operatorları vəziyyəti araşdırır və sərnişinlərə yeni uçuş vaxtı ilə bağlı məlumatı gözləməyi tövsiyə edirlər. "Pegas Touristik" turizm şirkətinin Baş direktoru Anna Podqornaya bildirib ki, bəzi hallarda texniki səbəblərdən "Turkish Airlines" reysləri gecikmə statusu yerinə ləğv edilmiş kimi göstərir.
"Uçuş üçün imkan yarandıqda, tablodakı vaxt və reys nömrəsi dəyişdirilir və uçuş yerinə yetirilir. Biz məlumatı əldə etdikcə rezervasiyalarda dəyişikliklər edirik. Agentlər bu yenilikləri turistlərə çatdırmalıdır. Səyahətçilərə gözləmələri tövsiyə olunur" deyə o əlavə edib.
Sankt-Peterburq hava limanı da sərnişinləri Moskva istiqamətində uçuş cədvəllərinin dəyişə biləcəyi ilə bağlı xəbərdar edib.
Töhfə Səməd
tag: Turkish Airlines,Moskva ,Reys,todaypress.tv,