"Tesla" robotaksi əvəzinə istifadə olunmuş elektromobilləri satışa çıxardı
"Tesla" korporasiyası robotaksi kimi istifadə olunacağı vəd edilən istifadə olunmuş elektromobilləri satışa çıxarıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Şirkətin daxilindəki mənbələrin bildirdiyinə görə, bu avtomobillər endirimlə yeni müştərilərə təklif olunur.
Qeyd edək ki, 2019-cu ildən etibarən "Tesla" yeni elektromobil modellərini lizinqlə təklif edir. Bu zaman müştərilər avtomobilin bir hissəsini ödəyərək onu müəyyən müddət istifadə edir və sonra geri qaytarırlar. Həmin avtomobillərin şirkət tərəfindən toplanaraq sürücüsüz taksi parkına daxil ediləcəyi açıqlanıb.
Lakin məlumatlı mənbələrin bildirdiyinə görə, bu plan reallaşmayıb və əvvəlki avtomobillər sadəcə yenidən satışa çıxarılıb.
Yayımlanan materialda qeyd olunur ki, "Tesla" istifadə olunmuş elektromobillərin cazibəsini artırmaq üçün onları əlavə ödəniş tələb olunmadan "Full Self-Driving" (FSD) - tam avtonom idarəetmə funksiyası ilə təchiz edir. Bu funksiyanın ayrıca qiyməti təxminən 15 min dollar (təqribən 25,500 manat) təşkil edir.
Ekspertlər bu praktikaya “etik olmasa da, qanuni” qiymət veriblər.
Şirkətin maliyyə hesabatlarına görə, dünyada 314 mindən çox elektromobil lizinq yolu ilə təklif olunub.
Töhfə Səməd
tag: Tesla,Robotaksi,Lizinq,todaypress.tv,