Şmıqal: "Ukraynanın 6 milyard dollara ehtiyacı var"

Dünya

21.07.2025 16:56

Ukrayna müdafiə naziri Denis Şmıqal bəyan edib ki, ölkəsi 2025-ci ildə silah tədarükü ilə bağlı büdcə kəsirini bağlamaq üçün 6 milyard ABŞ dollarına ehtiyac duyur.

TodayPress TV yerli mediaya istinadən xəbər verir ki, o, bu barədə iyulun 21-də “Ramştayn” formatında keçirilən müdafiə üzrə əlaqələndirmə qrupunun onlayn iclasında çıxış edib.

Şmıqal bildirib ki, bu vəsait Ukraynanın cəbhə xəttini saxlamaq üçün daha çox pilotsuz uçuş aparatları (PUA) istehsal etməsinə və Rusiya PUA-larına qarşı istifadə ediləcək müdafiə dronlarının hazırlanmasına imkan verəcək.

Nazir həmçinin Avropa ölkələrini ABŞ tərəfindən Kiyevə verilməsi nəzərdə tutulan “Patriot” raketlərinin satın alınmasına çağırıb. O, Qərb tərəfdaşlarına müraciət edərək, 2026-cı il üçün dövlət büdcələrində Ukrayna üçün maliyyə vəsaiti ayırmağa hazır olmalarını istəyib.

Qeyd edək ki, "Ramştayn" formatında keçirilən son görüş Böyük Britaniya və Almaniyanın rəhbərliyi ilə baş tutur. Toplantıda NATO-nun Baş katibi Mark Rutte və ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı, NATO-nun Avropadakı Birləşmiş Qüvvələr Komandanı Aleksus Qrinkeviç də iştirak edir.

Töhfə Səməd

tag: Ukrayna ,Denis Şmıqal,ABŞ ,Ramştayn,Todaypress.tv,