Şimali Koreya: ABŞ və Cənubi Koreya sülhü pozur

Dünya

23.08.2025 12:30

Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərini kəskin şəkildə pisləyib və onları Koreya yarımadasında sülhü pozan “əsas günahkarlar” adlandırıb.

TodayPress TV xəbər verir ki, Koreya Xalq Ordusunun Baş Qərargahının nümayəndəsi “KCNA” agentliyinə açıqlamasında “Ulchi Freedom Shield” adlı hərbi təlimin Şimali Koreyaya qarşı qəfil preventiv hücuma hazırlıq məqsədi daşıyan son dərəcə aqressiv genişmiqyaslı ssenari olduğunu deyib.

Bildirilib ki, təlimlər quru, dəniz və hava məkanında aparılır və Şimali Koreyanın nüvə obyektlərinə hücumu simulyasiya edən ssenarilər, müxtəlif hərbi manevrlər və canlı atışlar nəzərdə tutur.

“ABŞ və Cənubi Koreyanın məsuliyyətsiz müharibə təlimləri Koreya yarımadasında və regionda təhlükəsizliyi ciddi şəkildə təhdid edir və vəziyyəti gərginləşdirir”, – açıqlamada qeyd olunub.

Məlumatda əlavə edilib ki, təlimlərə Britaniya hərbi gəmiləri və “BMT Komandanlığı”nın digər üzvləri də qoşulub. Bu isə təhdidləri daha da artıraraq manevrləri beynəlxalq miqyaslı hərbi məşqə çevirib.

Şimali Koreya ordusu bəyan edib ki, ölkənin təhlükəsizliyinə birbaşa təhdidlərə cavab olaraq özünümüdafiə hüququnu lazımi və sərt şəkildə həyata keçirəcək.

Qiymət Mahir

tag: Şimali Koreya,Cənubi Koreya,ABŞ,Hərbi təlim,Todaypress.tv,