Robert Ballard: "Titanikin kəşfi gizli hərbi əməliyyatın örtüyü olub"
Dünya
01.09.2025 23:25
1985-ci ildə Titanikin tapılması dünya elminin böyük nailiyyəti hesab edilirdi. Lakin məlum olub ki, məşhur ekspedisiya əslində ABŞ-nin gizli hərbi missiyasını ört-basdır etmək üçün təşkil olunub.
TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
1985-ci ildə Titaniki kəşf edən amerikalı okeanoloq Robert Ballard 40 il sonra gizli faktları açıqlayıb. Onun sözlərinə görə, həmin ekspedisiya əslində ABŞ Hərbi Dəniz Qüvvələrinin çox məxfi hərbi əməliyyatının örtüyü imiş.
“Çoxlarının bilmədiyi həqiqət budur ki, Titanikin axtarışı ABŞ Hərbi Dəniz Kəşfiyyatının zabiti kimi iştirak etdiyim gizli missiyanı pərdələmək üçün həyata keçirilirdi. Biz Sovet İttifaqının nüvə sualtı qayıqlarımızın dəqiq yerini bilməsini istəmirdik”, – Ballard CNN-ə müsahibəsində bildirib.
Alimin əsas tapşırığı Atlantik okeanının dərinliklərində batmış iki ABŞ nüvə sualtı qayığını – USS Thresher və USS Scorpionu müəyyənləşdirmək idi. Bunun üçün onun hazırladığı “Argo” adlı innovativ aparatdan istifadə olunub. Uzaqdan idarə edilən bu cihaz dəniz dibindən görüntüləri birbaşa ekspedisiya gəmisinə ötürməyə imkan verirdi.
Ballard Hərbi Dəniz Qüvvələrini ekspedisiyanın bir hissəsi kimi Titanik axtarışına da resurs ayırmağa razı sala bilib. Lakin illərlə davam edən hazırlığa baxmayaraq, alim laynerin tapılacağına tam əmin olmayıb.
Onun sözlərinə görə, əsas çətinlik məhdud vaxt idi. Digər tərəfdən, fransız mühəndis Jan-Lui Mişelin rəhbərlik etdiyi rəqib axtarış komandası ən müasir sonar texnologiyasından istifadə edirdi. Bu sistem Titanikin dəqiq yerini daha tez müəyyənləşdirməyə imkan versə də, uğura tam zəmanət verməyib.
Nicat Osman
tag: Robert Ballard,Titanik,Kəşf,Sirr,Todaypress.tv,