Pezeşkian: "Tehran nüvə silahına can atmır"
Dünya
16.06.2025 10:45
İran prezidenti Məsud Pezeşkian Fransa lideri Emmanuel Makronla telefon danışığı zamanı Tehranın nüvə silahı əldə etmək niyyətində olmadığını bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə İran prezidentinin mətbuat xidməti məlumat yayıb.
Pezeşkian vurğulayıb ki, İran ali liderin fətvasına əsaslanaraq nə keçmişdə, nə də bu gün nüvə silahı əldə etməyə çalışıb. O əlavə edib ki, Tehran daim dialoq vasitəsilə qarşılıqlı anlaşma və razılığa hazır olub.
Prezidentin sözlərinə görə, dünya gücləri İran İslam Respublikasının arqumentlərini nəzərə almaq əvəzinə, regionda xaos yaratmağa çalışan İsrailin mövqeyini qəbul ediblər.
Məsud Pezeşkian bildirib ki, İsrail hücumlarını davam etdirdiyi müddətdə İran heç bir danışıqlara qatılmayacaq və heç bir təzyiq altında qərar qəbul etməyəcək.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail hərbi əməliyyata başlayıb. Əməliyyat çərçivəsində İran ərazisindəki nüvə və hərbi obyektlər, o cümlədən nüvə silahı istehsalı ilə əlaqəli infrastruktur və iranlı generalların yerləşdiyi məkanlar bombalanıb.
Elə həmin günün axşamı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cavab zərbələrinə start verdiyini elan edib. “Həqiqi vəd – 3” adlı əməliyyat çərçivəsində İsrail ərazisinə raket zərbələri endirilib. Yerusəlim də daxil olmaqla, bir neçə şəhərdə hava həyəcanı siqnalları səslənib. Hər iki ölkədə zərbələr nəticəsində onlarla insan xəsarət alıb.
Töhfə Səməd
tag: İran ,Pezeşkian,İsrail,Fransa,Makron,todaypress.tv,