Pezeşkian ŞƏT-ə Yaxın Şərqdə sülh üçün təklif irəli sürdü

Dünya

01.09.2025 11:46

İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən sammitində çıxış edərək, Yaxın Şərqdəki böhranların həlli üçün yeni təşəbbüslər irəli sürüb.

TodayPress TV xəbər verir ki, o, ŞƏT-ə üzv ölkələrin xarici işlər nazirlərindən ibarət komitə yaradılmasını təklif edib. 

Bu komitə bölgədə sülh və təhlükəsizliyə təhdid yaradan hadisələri müzakirə edəcək və böhranların qarşısını almaq üçün təkliflər verəcək.

Pezeşkian həmçinin üzv ölkələr arasında maliyyə əməkdaşlığını gücləndirmək üçün “xüsusi ŞƏT hesabları”nın yaradılmasını təklif edib. Bu təşəbbüs üç hissədən ibarətdir. Bunlar Milli valyutalarla ticarəti artırmaq (dollardan asılılığı azaltmaq), rəqəmsal ödəniş sistemləri yaratmaq, sanksiya və maliyyə çətinliyi yaşayan ölkələrə yardım üçün ortaq fond qurmaqdır.

ŞƏT-in üzvləri arasında İran, Çin, Rusiya, Hindistan, Pakistan və Orta Asiya ölkələri yer alır. Azərbaycanın da daxil olduğu bir sıra ölkələr təşkilatla tərəfdaş kimi əməkdaşlıq edir.

Türkan İsgəndərli

tag: İran,Pezeşkian,ŞƏT,Yaxın Şərq,Todaypress.tv,