Pavel Durova tətbiq olunan məhkəmə nəzarəti yumşaldıldı
Dünya
19.06.2025 17:55
Fransa hakimiyyəti "Telegram" messencerinin həmtəsisçisi Pavel Durova tətbiq edilən məhkəmə nəzarətinin şərtlərini yumşaldıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Le Monde” qəzeti Paris Apellyasiya Məhkəməsinin İstintaq Palatasının qərarına istinadən məlumat yayıb.
Qərara əsasən, 10 iyul tarixindən etibarən Durov Fransa ərazisini xüsusi icazə olmadan 14 gün müddətində tərk edə biləcək.
Qəzetin yazdığına görə, nəzarət şərtlərinin yumşaldılması yalnız onun Dubaya səfərlərinə şamil olunur. Durovun ailəsi orada yaşayır və "Telegram"ın ofisi də məhz həmin şəhərdə yerləşir. Digər məhkəmə nəzarəti şərtləri isə qüvvədə qalır.
Qeyd edək ki, mart ayında Durova Fransanı müvəqqəti tərk etməyə icazə verilmiş və o, Dubaya yollanmışdı. Lakin may ayında “Politico” nəşri xəbər vermişdi ki, Fransa hakimiyyəti onun ABŞ-yə – investisiya fondları ilə danışıqlar aparmaq üçün getmək barədə müraciətini rədd edib.
Xatırladaq ki, svvəllər ölkədən çıxmaq üçün hər dəfə ayrıca icazə almalı və mütəmadi olaraq polis idarəsində qeydiyyatdan keçməli idi.
Töhfə Səməd
tag: Fransa ,Telegram,Pavel Durov,Məhkəmə,todaypress.tv,