Pakistan təyyarələri Birləşmiş Krallıq səmasına qayıtdı
Dünya
16.07.2025 13:48
Pakistanın Baş naziri Şahbaz Şərif Pakistan Beynəlxalq Hava Yollarının (PIA) Birləşmiş Krallığa uçuşlarının bərpasını ölkənin haqlı mövqeyinin təsdiqi kimi qiymətləndirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə "X"da paylaşım edib.
"Əlhəmdülillah! Pakistanın hava yollarının Birləşmiş Krallığa uçuşlarının bərpa olunması ilə ölkəmizin mövqeyi təsdiqləndi. Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI - Pakistan Tehreek-e-Insaf) üzvlərinin məsuliyyətsiz və düşünülməmiş bəyanatları ölkəmizin reputasiyasına ciddi zərər vurdu və milli aviaşirkətimizi illərlə əsas beynəlxalq marşrutlardan, o cümlədən Birləşmiş Krallıq və Avropadan uzaq saldı", - deyə Şərif bildirib.
Hazırda Birləşmiş Krallıqda 1,6 milyondan çox pakistanlı mənşəli insanın yaşadığını və minlərlə britaniyalının Pakistanda olduğunu vurğulayan Baş nazir bu qərarın ailələrin və dostların bir araya gəlməsinə imkan yaradacağını bildirib.
O qeyd edib ki, Pakistanın üçüncü ən böyük ticarət tərəfdaşı olan Birləşmiş Krallıqla səyahətlərin asanlaşması iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişafına təkan verəcək.
Töhfə Səməd
tag: Pakistan,Baş nazir,Şahbaz Şərif ,PIA,Todaypress.tv,