NYT: Ukrayna atəşkəsə dair memorandum hazırladı

Dünya

30.05.2025 16:48

Ukrayna tərəfindən hazırlanan memorandumda quruda, havada və dənizdə atəşkəs rejiminin tətbiqi ilə bağlı müddəalar yer alıb.

TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" nəşri Ukrayna hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Kiyev təklif edir ki, atəşkəs rejiminə əməl olunmasına “beynəlxalq tərəfdaşlar” nəzarət etsin. Bildirilir ki, Ukrayna daha əvvəl də Rusiya tərəfinə atəşkəsin və nizamlama prosesinin digər aspektlərinə dair baxışlarını əks etdirən sənəd təqdim edib.

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun verdiyi məlumata əsasən, Ukrayna ilə danışıqların ikinci raundu 2 iyun tarixində İstanbulda baş tutacaq. Lavrov qeyd edib ki, Rusiya tərəfi bu görüşdə Ukrayna nümayəndə heyətinə Rusiya baxışlarını əks etdirən memorandum təqdim edəcək. Həmin sənəd böhranın əsas səbəblərinin aradan qaldırılmasına dair bütün məsələləri əhatə edir.

Xatırladaq ki, danışıqların ilk raundu 16 mayda baş tutmuş və “1000 məhbus – 1000 məhbus” formulu üzrə dəyişdirmə razılaşması ilə yanaşı, atəşkəsin mümkün gələcəyi ilə bağlı ilkin fikir mübadiləsi ilə nəticələnmişdi. Hər iki tərəf həmin görüşün nəticələrindən məmnunluq ifadə etmişdi.

Töhfə Səməd

tag: Ukrayna ,Kiyev ,Hava,Quru,Dəniz,todaypress.tv,