Nobel Komitəsi qərarını verib: Trampın planı mükafata təsir etməyəcək
Dünya
09.10.2025 17:27
Norveçdə Nobel Sülh Mükafatını təqdim edən komitə oktyabrın 6-da son iclasını keçirib və qalib artıq müəyyənləşdirilib.
TodayPress TV xəbər verir ki, “Agence France-Presse”ə danışan komitə nümayəndəsi Erik Oşxaym bildirib:
“Son qərar bazar ertəsi verilib. 10 oktyabrda qalib elan olunana qədər yeni iclas olmayacaq”.
Bu il Nobel Sülh Mükafatına 338 namizəd irəli sürülüb. Ekspert Asle Sven deyib ki, İsrail və HƏMAS arasında sülh razılaşması bu qərara təsir etməyib, çünki seçim daha əvvəl aparılıb.
“Bloomberg”in məlumatına görə, ABŞ Prezidenti Donald Trampın komandası — xüsusi nümayəndə Stiven Uitkoff və dövlət katibi Marko Rubio onun Nobel Sülh Mükafatına layiq görülməsi üçün fəal şəkildə kampaniya aparır. Bu isə Norveçdə müəyyən narahatlıq yaradıb, çünki Tramp mükafat almasa, mənfi reaksiya verə biləcəyi düşünülür.
Xatırladaq ki, Tramp dünən İsrail və HƏMAS arasında Misirdə aparılan danışıqlarda sülh planının ilk mərhələsi üzrə razılıq əldə olunduğunu açıqlayıb.
Qiymət Mahir
tag: Nobel Komitəsi ,Tramp,ABŞ,Mükafat,Sülh,Todaypress.tv,
