Maskın istefası təsdiqləndi: Ağ Evi tərk edir
Dünya
29.05.2025 09:52
Amerikalı sahibkar İlon Mask ABŞ prezidenti Donald Trampın administrasiyasındakı fəaliyyətini başa vurub. O, Dövlət İdarəetməsinin Effektivliyinin Artırılması Departamentinə (DOGE) kuratorluq edirdi.
TodayPress TV xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkəsində paylaşım edərək, xüsusi dövlət qulluqçusu kimi planlaşdırılmış müddətinin sona çatdığını bildirib:
“Prezident Donald Trampa faydasız xərcləri azaltmaq imkanı yaratdığı üçün təşəkkür edirəm”.
Mask vurğulayıb ki, DOGE departamentinin missiyası zamanla daha da möhkəmlənəcək və bütün hökumət üçün bir həyat tərzinə çevriləcək.
ABŞ qanunvericiliyinə əsasən, Maskın 20 yanvarda aldığı müvəqqəti dövlət qulluqçusu statusu 30 mayda bitməli idi. Lakin bu tarix real iş günlərinin sayından asılı olaraq dəyişə bilərdi.
“Associated Press” və “Bloomberg”ə danışan Tramp administrasiyasındakı mənbələr Maskın istefasını təsdiqləyiblər. Adı açıqlanmayan rəsmi bildirib ki, istefa prosesi 28 may günü axşam saatlarında başlayıb və bu qərarı Mask özü verib. Prezident Trampın da bu addımı dəstəklədiyi qeyd olunub.
Qiymət Mahir
tag: ABŞ,Donald Tramp,İstefa,İlon Mask,DOGE,todaypress.tv,