Madaqaskarda prezidentin istefası tələbi ilə kütləvi etirazlar davam edir
Dünya
02.10.2025 10:20
Madaqaskarda Prezident Andri Rajoelinanın istefası tələbi ilə kütləvi etirazlar davam edir.
TodayPress TV "France 24"ə istinadən xəbər verir ki, Antananarivoda və digər şəhərlərdə keçirilən aksiyalarda iştirakçılar hökuməti qeyri-qanuni idarəetmədə, su və elektrik kəsintilərində ittiham ediblər.
Polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib.
Etirazlar ötən həftədən başlayaraq ölkənin müxtəlif bölgələrinə yayılıb. BMT-nin məlumatına görə, iğtişaşlarda azı 22 nəfər ölüb, yüzdən çox insan yaralanıb. Hökumət isə bu rəqəmləri təsdiqləməyib.
“Gen Z” adlı gənclərin rəhbərlik etdiyi hərəkat prezidentin istefasını və parlamentin buraxılmasını tələb edir. Müxalifət də bu tələblərə dəstək verib. Bir sıra həmkarlar ittifaqları və dövlət şirkətləri ümumi tətilə qoşulacağını açıqlayıb.
Qeyd edək ki, Rajoelina 2009-cu ildə hakimiyyətə gəlib, 2018 və 2023-cü illərdə keçirilən seçkilərdə yenidən prezident seçilib. Etirazçılar onun uzun illərdir hakimiyyətdə olmasına baxmayaraq, əhalinin həyat şəraitində ciddi dəyişiklik olmadığını bildirirlər.
Məsələ ilə bağlı BMT, QHT-lər və Katolik Kilsəsi dialoq və zorakılığa son qoyulmasına çağırıb.
Jalə Rövşən
tag: Madaqaskar,Andri Rajoelina,Etiraz,
