Litva Rusiya vətəndaşlarının pasportlarını tanımayacaq

Dünya

23.05.2025 17:21

İyunun 1-dən etibarən Rusiya Federasiyası tərəfindən verilmiş qeyri-biometrik xarici pasportlar Litvaya giriş üçün etibarlı sənəd sayılmayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb.

"23 may tarixində Litvanın xarici və daxili işlər nazirlərinin birgə sərəncamı ilə Rusiya vətəndaşlarına məxsus qeyri-biometrik pasportların etibarsız sayılması barədə qərar qəbul olunub. Bu qərar yalnız Kalininqrad vilayətindən Rusiyanın digər hissəsinə və əks istiqamətdə Litva ərazisindən dəmir yolu ilə tranzit keçən şəxslərə şamil edilmir" deyə XİN-in açıqlamasında bildirilir.

Litva Xarici İşlər Nazirliyi iddia edir ki, Rusiya pasportları Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tövsiyələrinə cavab vermir. Daxili İşlər Nazirliyi isə bu qərarı "dəyişən geosiyasi vəziyyət" və "ölkənin milli təhlükəsizlik maraqları" ilə əsaslandırıb.

Bununla yanaşı, Avropa İttifaqı və Şengen zonası ölkələrində yaşayış icazəsi olan Rusiya vətəndaşlarına 1 dekabr 2024-cü ilədək pasportlarını biometrik pasportlarla əvəz etmək üçün vaxt veriləcək.

Qeyd edək ki, daha əvvəl Çexiya, Danimarka, Fransa, İslandiya və Estoniya da Rusiya vətəndaşlarının qeyri-biometrik xarici pasportlarını tanımaqdan imtina edib.

Töhfə Səməd

tag: Rusiya ,Pasport,Litva,Şengen,todaypress.tv,