İsrail ordusu Livanın cənubunu bombaladı
Dünya
11.10.2025 09:15
İsrail Livanın cənubunu yenidən bombaladı, yüzlərlə hədəf vuruldu.
TodayPress TV Livan KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu Livanın cənubundakı əl-Museylih qəsəbəsini 10 dəfədən çox hədəfə alıb.
Hücumlar nəticəsində bölgədə şiddətli partlayışlar baş verib, sənaye obyektlərinə ciddi ziyan dəyib.
Bildirilir ki, hədəf alınan ərazidə buldozerlər olub və Musaylıh–Neccariyə yolu bağlanıb.
İsrail ordusu isə açıqlamasında hücumların Hizbullahın infrastrukturuna qarşı yönəldiyini iddia edib. Ordunun məlumatına görə, “Hizbullahın infrastrukturunu yenidən qurmaq üçün istifadə edilən” avtomobillər vurulub.
Rəsmi məlumatlara əsasən, İsrail Livanla 2024-cü ilin noyabrında imzaladığı atəşkəsi 4500-dən çox dəfə pozub. Nəticədə 283 nəfər həlak olub, 630 nəfər yaralanıb.
2023-cü ildən davam edən İsrail–Hizbullah toqquşmaları 2024-cü ildə daha da şiddətlənib. İsrailin Livana hücumları nəticəsində ümumilikdə 4000-dən çox insan ölüb, təxminən 17.000 nəfər yaralanıb.
Jalə Rövşən
tag: İsrail ordusu,Livan,Bomba,Hizbullah,Todaypress.tv,
