İran və Avropa üçlüyü arasında növbəti nüvə danışıqları keçirilə bilər

Dünya

21.06.2025 15:09

İran və Avropa üçlüyü – Fransa, Böyük Britaniya və Almaniya Tehranın nüvə proqramı ətrafında yaranmış gərginliyi müzakirə etmək üçün yaxın iki həftə ərzində növbəti görüşü keçirə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "The Washington Post" nəşri adının açıqlanmasını istəməyən avropalı diplomatlara istinadən məlumat yayıb.

Yeni görüşün dəqiq tarixi hələ müəyyən olunmayıb, lakin tərəflər Trampın təyin etdiyi iki həftəlik müddət bitməzdən əvvəl toplanmağa çalışırlar.

Xatırladaq ki, 20 iyun tarixində Cenevrədə Avropa üçlüyünün xarici işlər nazirləri İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparıblar. Həmin görüşün nəticəsi olaraq ciddi irəliləyiş əldə olunmasa da, tərəflər diplomatik təşəbbüsləri davam etdirmək barədə razılaşıblar.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp isə İranın nüvə fəaliyyətləri ilə bağlı yaranmış böhranı diplomatik yolla həll etmək üçün maksimum iki həftə vaxt verdiklərini bildirib. Onun sözlərinə görə, əgər bu müddət ərzində razılaşma əldə olunmasa, Vaşinqton İran İslam Respublikasına hərbi zərbələr endirə bilər.

Töhfə Səməd

tag: İran ,Avropa,Fransa,Böyük Britaniya,Almaniya,Nüvə,todaypress.tv,