İndoneziya Prezidenti Trampın dəvəti ilə ABŞ-yə gəlir
Dünya
16.07.2025 17:01
İndoneziya Prezidenti Prabovo Subianto ABŞ lideri Donald Trampın onu görüşə dəvət etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Tempo" portalı məlumat yayıb.
Görüşün 2025-ci ilin sentyabr və ya oktyabr aylarında keçirilməsi planlaşdırılır.
Subianto zarafatla Trampın onu qolf oynamağa dəvət edə biləcəyindən narahat olduğunu bildirib: “Mən qolfu yaxşı bacarmıram. Mənə fərdi dərslər lazımdır. Əvvəllər pis deyildim, amma indi elə də yaxşı oynamıram”.
Xatırladaq ki, iyul ayının əvvəlində Donald Tramp bir sıra ölkə liderlərinə, o cümlədən İndoneziyaya məktub göndərərək 1 avqustdan etibarən əlavə gömrük rüsumlarının tətbiq ediləcəyini bəyan etmişdi. ABŞ-nin İndoneziya məhsullarına tətbiq edəcəyi tarif 32% olaraq müəyyən edilmişdi. Cavab olaraq, İndoneziya hakimiyyəti Birləşmiş Ştatlardan neft, qaz və kənd təsərrüfatı məhsullarının idxalını artırmağa hazır olduqlarını bildirmişdi.
Tramp iyulun 15-də açıqlamasında bildirib ki, ABŞ İndoneziya ilə ticarət sazişi imzalayıb və nəticədə rüsum dərəcəsi 32%-dən 19%-ə endiriləcək.
Töhfə Səməd
tag: İndoneziya ,Prabovo Subianto,ABŞ,Donald Tramp,Todaypress.tv,