Hindistan "Google" və "Meta"ya qarşı əməliyyata başladı

Dünya

19.07.2025 14:00

Hindistanın Qanunvericiliyə Nəzarət İdarəsi ölkədə qanunsuz ticarət və mərc platformalarının internetdə reklam yolu ilə yayılması və bu platformalardan çirkli pulların yuyulmasında istifadə olunması ilə bağlı araşdırma çərçivəsində "Google" və "Meta" şirkətlərinin nümayəndələrini ifadə verməyə çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "ANI" agentliyi istintaqla tanış mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, "Google" və "Meta" platformaları mərc tətbiqlərini reklam yolu ilə tanıdaraq onların istifadəçilər arasında yayılmasına şərait yaradır. Bildirilib ki, rəqəmsal platformaların bu qeyri-qanuni tətbiqlərin təşviqindəki rolunu müəyyənləşdirmək üçün araşdırma aparılır. Bu tətbiqlər pulların yuyulmasının qarşısını almaq haqqında qanunun mümkün pozuntuları baxımından xüsusi diqqət mərkəzindədir.

"Google" və "Meta" nümayəndələri ilə görüş 21 iyul tarixində keçiriləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl İdarə Mumbay şəhərində qanunsuz qiymətli kağız ticarəti və onlayn mərc fəaliyyəti ilə bağlı genişmiqyaslı istintaq çərçivəsində axtarışlar aparıb. Nəticədə qeydiyyata alınmamış pul vəsaitləri, bahalı saatlar, zinət əşyaları, xarici valyuta və lüks avtomobillər müsadirə olunub. Axtarış zamanı həmçinin pul sayma aparatları da aşkarlanıb.

Töhfə Səməd

tag: Hindistan,Qanunvericiliyə Nəzarət İdarəsi,Google,Meta,Todaypress.tv,