Gürcüstan prezidenti müxalifət liderlərini əfv etdi
Dünya
05.09.2025 12:02
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, oktyabrın 4-də keçiriləcək yerli seçkilər ərəfəsində müxalifət partiyası "Lelo-Güclü Gürcüstan"ın liderləri Mamuka Xazaradze və Badri Caparidzeni əfv etdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu siyasətçilər parlamentin istintaq komissiyasına gəlmədiklərinə görə həbsdə idilər.
Onların rəhbərlik etdiyi "Lelo" partiyası artıq seçkilərdə iştirak üçün qeydiyyatdan keçib.
Prezident bildirib ki, məqsədi seçkilərin rəqabətli və ədalətli keçməsini təmin etməkdir. Eyni zamanda qeyd edib ki, bu addım cinayət törədənlər üçün güzəşt kimi qiymətləndirilməməlidir. O xatırladıb ki, əvvəllər məhkumlar əfv təklifindən imtina etmişdilər, amma buna baxmayaraq, onların əfv olunmasına qərar verib.
Kavelaşvili əfv olunanların qanunlara hörmətlə yanaşacaqlarına ümid etdiyini və bütün iştirakçıları sakit və sağlam təbliğat kampaniyasına çağırdığını bildirib.
Qeyd edək ki, seçkilər 2025-ci il oktyabrın 4-də keçiriləcək.
Türkan İsgəndərli
tag: Gürcüstan,Seçki,Əfv,Müxalifət,Todaypress.tv,