Fransada etiraz aksiyalarına görə 76 min polis səfərbər edildi

Dünya

02.10.2025 12:16

Fransa Daxili İşlər Nazirliyi ölkə üzrə planlaşdırılan 250 etiraz aksiyası zamanı təhlükəsizliyi təmin etmək üçün 76 min polis və jandarmın yerləşdiriləcəyini açıqlayıb.

TodayPess TV xəbər verir ki, nazir Bruno Retayolun sözlərinə görə, bu qüvvələrin təxminən 5 min nəfəri paytaxt Parisdə xidmət aparacaq.

O qeyd edib ki, bu artıq ardıcıl üçüncü gündür hüquq-mühafizə orqanları nümayişləri müşahidə edir. Hökumət bəzi etiraz aksiyalarında radikal qrupların iştirak etməsinə hazırdır, lakin səlahiyyətlilər zorakılıqsız və dinc aksiya keçirmək istəyənlər üçün bütün şəraiti təmin etmək niyyətindədir. Retayol, istənilən pozuntulara “sıfır dözümlülük” göstəriləcəyini və zorakılığa təhrik edənlərin dərhal həbs olunacağını bildirib.

Qeyd edək ki, etirazlara səbəb həmkarlar ittifaqlarının Fransa hökumətinin sosial və iqtisadi siyasətlərinə qarşı narazılığıdır. Onlar hökumətdən pensiya yaşının 64-ə qaldırılmasından imtina etməyi, dövlət sektorunda maaşların və sosial ödənişlərin bir illik dondurulmasını planlaşdırmaqdan vaz keçməyi, 3000 dövlət qulluqçusunun ixtisarına son qoymağı və işsizlik müavinətləri sistemində dəyişiklikləri dayandırmağı tələb edirlər.

Türkan İsgəndərli

tag: Fransa,Etiraz,Polis,Jandarm,Todaypress.tv,