Çin və ABŞ TikTok üzrə danışıqlar aparır
Dünya
23.09.2025 11:41
Çin uzun müddət ABŞ-nin TikTok-un satılması ilə bağlı tələbinə qarşı çıxsa da, indi platformanın ABŞ-dəki əməliyyatlarına kimin nəzarət edəcəyi barədə danışıqlar gedir.
TodayPress TV "Aljazeera" yə istinadən xəbər verir ki, əsas mübahisə mövzusu 170 milyon amerikalı istifadəçinin sevdiyi TikTok-un uğurunu təmin edən tövsiyə alqoritminin kimə məxsus olacağıdır.
Çin 2020-ci ildə tətbiq etdiyi ixrac nəzarətinə əsasən, belə həssas texnologiyaların hökumət icazəsi olmadan ötürülməsini qadağan edib. Dövlət mediası da alqoritmin “qırmızı xətt” olduğunu vurğulayıb.
Atlantik Şurasının eksperti Dexter Roberts bildirib ki, əgər Çin alqoritmə nəzarəti təhvil verməyə razı olsa, bunun müqabilində onları ticarət, texnologiya məhdudiyyətləri və Tayvan məsələsində güzəştlər gözləyə bilər.
ABŞ mediasının məlumatına görə, müzakirə olunan razılaşma TikTok-un ABŞ əməliyyatlarının yeni yaradılacaq şirkət tərəfindən idarə olunmasını nəzərdə tutur. Bu halda "Oracle" şirkəti amerikalı istifadəçilərin məlumatlarını qoruyacaq və alqoritm üzərində nəzarətə sahib olacaq.
Bəzi ekspertlər hesab edir ki, Çin heç vaxt alqoritmin bütün təfərrüatlarını paylaşmayacaq, çünki bu texnologiya yalnız TikTok-a deyil, ByteDance-in digər məhsullarına da aiddir.
Onların fikrincə, əgər seçim qarşısında qalsa, Pekin platformanı ABŞ-də bağlamağa üstünlük verəcək.
Müşahidəçilər deyirlər ki, razılaşma ABŞ və Çin arasında gərginliyi azalda bilər, lakin tərəflərin açıq güzəştlərlə bağlı razılaşması ehtimalı azdır.
Jalə Rövşən
tag: Tiktok,ABŞ,Çin,Danışıqlar,
