CİA rəhbəri əməliyyat kəşfiyyatı üzrə müavin təyin edəcək

Dünya

19.05.2025 14:15

5

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Con Ratkliff əməliyyat kəşfiyyatı üzrə yeni müavin postuna Yaxın Şərqdə fəaliyyət göstərən xüsusi xidmət rezidentini təyin etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. 

Bildirilib ki, sözügedən şəxs CİA-nın əsas strukturlarından biri olan əməliyyat direktoratına rəhbərlik edəcək.

Bu bölmə kəşfiyyat məlumatlarının toplanması, gizli əməliyyatların təşkili və xüsusi əməliyyatlar şöbəsinin idarə olunmasına cavabdehdir.

Əvvəllər Ratkliff bu vəzifəyə CİA-nın veteranı Ralf Goffu namizəd göstərməyi planlaşdırsa da, onun Ukraynanı dəstəkləyən fəaliyyəti ilə bağlı Ağ Evin narazılığı səbəbindən namizədlik geri çəkilib.

Yeni namizədin adı açıqlanmır.

Buna səbəb onun hazırda ABŞ üçün strateji əhəmiyyət daşıyan Yaxın Şərq ölkələrindən birində gizli şəkildə çalışmasıdır.

Qiymət Mahir

tag: CİA,ABŞ,Yaxın Şərq,ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi,todaypress.tv,