Britaniya Rusiya ilə əlaqəli şəxslərə və 20 tankerə qarşı yeni sanksiyalar tətbiq etdi
Dünya
17.06.2025 17:15
Böyük Britaniya hökuməti Rusiyayla əlaqəsi olan 10 fiziki və hüquqi şəxsə, eləcə də 20 neft tankerinə qarşı yeni sanksiyalar paketi tətbiq edib.
TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Sanksiya siyahısına daxil edilən fiziki şəxslər:
Polşa vətəndaşı Oleq Tkaç;
Birləşmiş Krallıq və Ukrayna vətəndaşlığına malik Vladimir Pristupa.
Hər iki şəxs Rusiyaya elektronika tədarük edən “Telperien”, “Bompietro Trading” və “Carovilli Trading” kimi bir neçə şirkəti idarə edir.
Sanksiya siyahısına düşən hüquqi şəxslər:
Rusiya Müdafiə Nazirliyinin Dərin Dəniz Tədqiqatları Baş İdarəsi;
“Rosneft Marine (UK) Limited”;
“Orion Star Group”;
Birləşmiş Ərəb Əmirliyində qeydiyyatdan keçmiş “Valegro” şirkəti;
“Atlas” Açıq Səhmdar Cəmiyyəti.
Sanksiyaya məruz qalan maliyyə təşkilatları:
“Metallurg” kredit təşkilatı və onun rəhbərləri Yuri və Yeqor Karasyovlar.
Birləşmiş Krallıq ərazisində adıçəkilən şəxslərə və şirkətlərə məxsus bütün mümkün hesablar dondurulacaq. Bundan əlavə, Yuri və Yeqor Karasyovlara ölkəyə giriş qadağan olunub.
Əvvəlki sanksiyalarla birlikdə hazırda Böyük Britaniyanın “qara siyahısı”na düşmüş gəmi sayı 300-ə yaxınlaşıb. Bu gəmilərə Britaniya limanlarına daxil olmaq qadağandır, onların saxlanılması riski var və artıq qeydiyyatda olanlar Britaniya gəmi reyestrindən çıxarıla bilər.
Qeyd edək ki, mayın 20-də sanksiyaların növbəti dəfə sərtləşdirilməsindən sonra Rusiyanın Londondakı səfirliyi bu addımı qanunsuz və aqressiv adlandıraraq, Moskvanın kursuna təsir edə bilməyəcəyini bildirib.
Töhfə Səməd
tag: Böyük Britaniya,Rusiya,Sanksiya,todaypress.tv,