BMT Əfqanıstanda qadınlara qarşı rəftarla bağlı araşdırma aparacaq

Dünya

06.10.2025 17:44

BMT-nin İnsan Haqları Şurası Əfqanıstanda Taliban dövründə baş verən insan haqları pozuntularını, xüsusilə də qadın və qızlara qarşı təzyiqləri araşdırmaq üçün daimi müstəqil istintaq mexanizmi yaratmağa qərar verib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Təklif Avropa İttifaqının təşəbbüsü ilə irəli sürülüb və Şuranın 47 üzvü tərəfindən dəstəklənib. Yalnız Çin razılaşmadan kənarda qalıb.

Yeni mexanizmin məqsədi insanlığa qarşı cinayətlərin araşdırılması, məhkəmə üçün sübutların toplanması və artıq təyin edilmiş xüsusi məruzəçi Riçard Bennettin işini gücləndirməkdir.

Riçard Bennett bildirib ki, "Taliban" qadınların hüquqlarını qoruyan qanunları ləğv edib, qadın hakimləri işdən çıxarıb və onların yerinə hüquqi təhsili olmayan kişiləri təyin edib. Həmçinin, qadınlara qarşı zorlama və məcburi nikah da daxil olmaqla 22 zorakılıq formasının cinayət sayılması dayandırılıb.

Çin isə bildirib ki, Əfqanıstanda vəziyyət sabitdir və "Taliban" iqtisadi inkişaf üçün addımlar atır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Əfqanıstan,BMT,Qadın,Cinayət,Todaypress.tv,