BMT: Aclıq təhlükəsi Qəzzadakı bütün əhalini təhdid edir

Dünya

30.05.2025 16:15

Qəzza zolağı hazırda "dünyanın ən ac bölgəsi" hesab olunur.

TodayPress TV xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin (OCHA) sözçüsü bu gün təşkilatın Cenevrədəki qərargahında məlumat verib.

“Qəzza dünyada aclığın bütün əhalini təhdid etdiyi yeganə müəyyən edilmiş ərazidir – istər müstəqil dövlət, istərsə də bir dövlət daxilində müəyyən edilmiş ərazi olsun”, - deyə sözçü bildirib.

Qeyd olunur ki, son günlərdə İsrail təxminən 900 yük maşınının Qəzzaya girişinə icazə verib.

Lakin həmin yardım maşınlarından yalnız təxminən 600-ü boşaldılıb və paylanılıb. Bu isə İsrailin yük daşımalarına tətbiq etdiyi sərt inzibati və təhlükəsizlik məhdudiyyətləri ilə bağlıdır.

OCHA-nın sözçüsünün "Əl-Cəzirə" xəbər kanalına verdiyi məlumata görə, Qəzzada hazır istehlak üçün nəzərdə tutulan ərzaq məhsullarına təcili ehtiyac var. Lakin son günlər bölgəyə əsasən buğda unu daşınıb ki, bu da hazır şəkildə istehlaka uyğun deyil.

Töhfə Səməd

tag: Qəzza ,OCHA,BMT,todaypress.tv,