Avstraliya ABŞ-nin dərmanlara rüsum tətbiqdən narahatdır
Dünya
09.07.2025 19:15
Avstraliya hökuməti ABŞ-nin dərman və mis idxalına yeni tariflər tətbiq etmək niyyətindən ciddi narahatdır.
TodayPress TV xəbər verir ki, federal xəzinə naziri Cim Çalmers “ABC Radio”ya açıqlamasında prezident Donald Trampın dərman məhsullarına 200 faiz, mis idxalına isə 50 faiz tarif tətbiq edəcəyi barədə bəyanatını şərh edib.
Nazir bildirib ki, Avstraliya mis ixracatının ABŞ-yə yönələn hissəsi 1 faizdən azdır. Lakin dərman sektoru ilə bağlı vəziyyət daha kritikdir.
“Söhbət milyardlarla dollarlıq ixracdan gedir. Trampın açıqlaması çox narahatedicidir. Biz məsələni ciddiyyətlə araşdırırıq”.
BMT-nin “Comtrade” bazasına görə, 2024-cü ildə Avstraliyanın ABŞ-yə dərman ixracı 2.2 milyard Avstraliya dolları (1.4 milyard ABŞ dolları) təşkil edib. Bu, ölkənin ümumi dərman ixracının 44.8 faizinə bərabərdir.
Tramp bildirib ki, tariflər tətbiq olunmazdan əvvəl dərman şirkətlərinə istehsalı ABŞ ərazisinə köçürmək üçün keçid dövrü veriləcək.
Qeyd edək ki, ABŞ administrasiyası aprel ayında Avstraliyanın Dərman Təminat Proqramını (PBS) ticarət pozuntusu kimi qiymətləndirmişdi. Proqram çərçivəsində hökumət 900-dən çox dərmana subsidiya verir. ABŞ dərman şirkətləri bu sistemi “rəqabətə zidd” adlandırır.
Qiymət Mahir
tag: Avstraliya,ABŞ,Donald Tramp,Dərman,Todaypress.tv,