Almaniyada terror aktı planlaşdıran şəxslər saxlanıldı
Almaniya polisi ölkə daxilində miqrantlara və siyasi opponentlərinə qarşı terror aktları planlaşdıran ifrat sağçı ekstremist qrupun - "Sonuncu Müdafiə Dalğası"nın beş üzvünü saxlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Almaniya Federal Prokurorluğuna istinadən "Associated Press" (AP) agentliyi məlumat yayıb.
Rəsmi açıqlamada bildirilib ki, onlar bu gün Almaniyanın müxtəlif əyalətlərində, xüsusən də Saksoniya və Türingiyada aparılan əməliyyatlar çərçivəsində saxlanılıb. Əməliyyatlar zamanı ümumilikdə 13 müxtəlif ünvanda axtarışlar aparılıb.
Prokurorluğun məlumatına görə, saxlanılanlardan dördünə ekstremist təşkilata üzvlük, birinə isə təşkilatı dəstəkləmək ittihamı irəli sürülüb. Bildirilir ki, şübhəlilərin bir qismi qəsdən adam öldürməyə cəhd və qəsdən yanğın törətmək kimi ağır cinayətlərdə də ittiham olunur.
Ən diqqətçəkən məqam isə odur ki, saxlanılanların hamısı 14-18 yaş arası yeniyetmələrdir. Bu fakt Almaniyada yeniyetmələr arasında radikalizmin yayılması və gənclərin ekstremist ideologiyalara cəlb olunması məsələsini bir daha gündəmə gətirib.
Töhfə Səməd
tag: Almaniya ,Polis,Sonuncu Müdafiə Dalğası,Saxlanılma,todaypress.tv,