Aİ yekdillik prinsipindən imtina etmək istəyir

Dünya

30.08.2025 17:50

Avropa İttifaqına (Aİ) üzv bir sıra ölkələr xarici siyasət qərarlarının qəbulunda yekdillik prinsipindən imtina edərək, səsvermənin “ixtisaslaşdırılmış çoxluq” prinsipi əsasında aparılması imkanını nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin yazdığına görə, bu dəyişikliklər Aİ-yə, xüsusilə də Ukrayna məsələsində Macarıstanın mövqeyini neytrallaşdırmağa imkan verə bilər.

Məlumata görə, təxminən on ölkədən ibarət bir qrup müəyyən qərarların qəbul qaydalarının dəyişdirilməsi ilə bağlı təkliflər sənədi hazırlayaraq digər üzv dövlətlərə təqdim edib. "Bloomberg" qeyd edir ki, bu dəyişiklik Aİ-nin qərar qəbul etmə prosesini sürətləndirə və bəzi ölkələrin çoxluq tərəfindən dəstəklənən tədbirləri bloklamasının qarşısını ala bilər.

Lakin qərarların çoxluq əsasında qəbuluna keçid üçün Brüsselin Aİ-nin 27 üzv dövlətinin hamısının razılığını əldə etməsi tələb olunur.

Qeyd edək ki, daha əvvəl Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bəyan etmişdi ki, Budapeşt Aİ-nin Ukraynada hərbi əməliyyat keçirməsi və ya münaqişənin sülh yolu ilə həllinə maneə yarada biləcək heç bir qərarı dəstəkləməyəcək.

Töhfə Səməd

tag: Avropa İttifaqı,Ukrayna ,Macarıstan,Peter Siyarto,Todaypress.tv,