Aİ-dən İrana xəbərdarlıq: Sanksiyalar 30 gün ərzində bərpa oluna bilər
Dünya
30.08.2025 11:50
Avropa İttifaqı (Aİ) İrana qarşı birtərəfli sanksiyaları bərpa edə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Fransanın Avropa və Xarici İşlər naziri Jan-Noel Barro Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Kopenhagendə keçirilən qeyri-rəsmi görüşündən əvvəl bəyanatla çıxış edib.
Nazirin sözlərinə görə, əgər Tehranla nüvə proqramı üzrə danışıqlar növbəti 30 gün ərzində nəticə verməzsə və BMT Təhlükəsizlik Şurasının əvvəlki sanksiyaları yenidən qüvvəyə minərsə, Avropa İttifaqı da öz sanksiyalarını bərpa edəcək.
Barro xatırladıb ki, Avropa üçlüyü – Böyük Britaniya, Fransa və Almaniya artıq "snapback" mexanizmini işə salmaq qərarı verib. Bu mexanizm 2015-ci il sazişi çərçivəsində ləğv edilmiş BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpasını nəzərdə tutur. Sanksiyalar maliyyə, bank, enerji və müdafiə sektorlarını əhatə edir.
Avropa üçlüyü BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin (restriksiyaların aradan qaldırılmasını nəzərdə tutur) müddətinin uzadılması üçün İrana əlavə 30 gün vaxt verməyə hazır olduğunu bəyan edib. Qeyd edək ki, həmin qətnamənin müddəti bu il oktyabrın 18-də başa çatır.
“İndi 30 günlük bir dövr başlayır. Əgər bu müddət ərzində İran bizim çox aydın şəkildə ifadə etdiyimiz tələbləri qəbul etməzsə, əvvəlcə BMT sanksiyaları, ardınca isə Avropa İttifaqının sanksiyaları bərpa oluna bilər. Əgər Tehran əməkdaşlığa razılıq versə, bu sanksiyaların tətbiqi təxirə salına bilər. Diplomatiya üçün qapı hələ də açıqdır”, - deyə Barro bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi Avropa üçlüyünün qərarını kəskin tənqid edib. O, bu yanaşmanın İranla bağlı niyyətlərin səmimiliyinə dair şübhələri daha da artırdığını və diplomatik həll yollarını çətinləşdirdiyini bildirib.
Əraqçi BMT-nin Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda vurğulayıb ki, Tehran qlobal güclərlə konstruktiv əməkdaşlığı davam etdirməyə, İslam Respublikasının maraqlarını nəzərə almaq şərtilə yeni nüvə sazişi əldə etməyə hazırdır. İranın cavab tədbirləri görəcəyi də bəyan olunub.
Töhfə Səməd
tag: Aİ,İran,Xəbərdarlıq,Sanksiya,Todaypress.tv,