Ağzında ağrı hiss etdi, dilini kəsdilər

Dünya

02.10.2025 19:15

Böyük Britaniyada yaşayan 30 yaşlı Qreys Brend dilində yaranan ağrını əvvəlcə ciddi qəbul etməyib. Lakin sonradan bu, 2-ci mərhələdə dil xərçəngi diaqnozu ilə nəticələnib.

TodayPress TV xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Brend ilk dəfə 27 yaşında olarkən dilində davamlı ağrı hiss etdiyini deyib. O, bu narahatlığın stress və yorğunluqdan yaranan adi ağız yarası olduğunu düşünərək həkimə müraciət etməyib.

Lakin ağrı azalmayıb, əksinə, daha da şiddətlənib və qadının nitqinə təsir etməyə başlayıb. O, dərman almaq üçün aptekə getsə də, əczaçı ona ağız yaralarının normalda 2-3 həftəyə sağalmalı olduğunu xatırladıb və mütləq həkimə müraciət etməsini tövsiyə edib.

Həkim müayinəsindən və aparılan biopsiya testlərindən sonra Brendə dil xərçəngi diaqnozu qoyulub. Həkimlər dərhal əməliyyat qərarı veriblər.

Cərrahiyyə zamanı Brend dilinin yarısını itirib. Həkimlər onun qolundan götürülmüş dəri toxuması ilə dili yenidən formalaşdırıblar. Həmçinin ehtiyat tədbiri olaraq qadının boynundakı limfa düyünləri çıxarılıb.

Həkimlər 3 həftədən artıq sağalmayan ağız yarası və ya narahatlıq hiss edilərsə, mütləq mütəxəssisə müraciət etməyi tövsiyə edirlər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Britaniya,Dil,Xərçəng,Ağız,Todaypress.tv,