ABŞ Yaxın Şərqə "F-22" qırıcıları göndərdi
Dünya
19.06.2025 13:05
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) 12 ədəd beşinci nəsil "F-22" qırıcısını ABŞ ərazisindən Böyük Britaniyadakı Lakenhit hərbi hava bazasına göndərib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Aviationist” portalı peyk görüntüləri və mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, sözügedən qırıcılar artıq Britaniyada yerləşir və Lakenhit bazası ABŞ Hərbi Hava Qüvvələrinin digər bölgələrə aviasiya qüvvələri göndərmək üçün əsas tranzit məntəqələrindən biridir.
“The War Zone” portalının məlumatına əsasən, "F-22" qırıcılarının növbəti istiqaməti İordaniyada yerləşən Mavaffaq Salti hərbi bazası olacaq.
Bundan əlavə, 17–18 iyun tarixlərində ABŞ-nin bir neçə "F-35 Lightning II" və "F-16 Fighting Falcon" qırıcısı da müvafiq olaraq Lakenhit (Böyük Britaniya) və Aviano (İtaliya) bazalarına göndərilib. Onlardan bəziləri artıq Yaxın Şərqdəki hərbi bazalara çatıb.
“The Aviationist” həmçinin qeyd edib ki, bir neçə "C-17" tipli hərbi nəqliyyat təyyarəsi İsrail və Səudiyyə Ərəbistanına silah və sursat daşıdığı ehtimal edilən yüklərlə yola salınıb. Bu təyyarələrlə yanaşı, Yaxın Şərqə yanacaq doldurma təyyarələri olan "KC-135"lər də göndərilib.
Töhfə Səməd
tag: ABŞ ,Hərbi Hava Qüvvələri,F-22,Böyük Britaniya,Lakenhit,todaypress.tv,